Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfiri cənab Feysal bin Abdullah Hamad Al Hinzab "EDNews.net"ə eksklüziv müsahibə verib.
Cənab səfir, Sizinlə görüşməkdən özümü çox xoşbəxt hiss edirəm. İlk öncə müsahibə üçün razılıq verdiyinizə görə Sizə öz minnətdarlığımızı bildiririk. Azərbaycanda fəaliyyətə yeni başlamısınız, ilk sualımız Azərbaycan, onun təbiəti və insanları haqqında ilkin təəssüratlarınız barədədir ...
Vəzifələrimin icrası ilə əlaqədar Azərbaycana gəlməmişdən əvvəl buranı ziyarət etmək mənə heç nəsib olmamışdı. Ölkəniz haqqında isə dostlarımın buranın turizm baxımından perspektivli bir dövlət olduğu və son zamanlar Körfəz ölkələrindən olan turistlərin bura çox böyük maraq göstərdikləri barədə mənə verdikləri təlimatlardan savayı heç nə bilmirdim. O ki, qaldı şəxsən mənim ilk təəssüratıma, bura regionda sadəcə bir turizm ölkəsi kimi deyil, daha artıq səciyyələnməlidir. Çünki insan burada özünü tam fərqli coğrafi mövqeyi ilə seçilən müxtəlif mədəniyyət və sivilizasiyaların qovuşduğu qədim bir ölkədə olduğu kimi hiss edir. Həmçinin, Azərbaycanda ölkə boyu əhali və həm də burada olanların əmin-amanlıq və sabitlik şəraitində yaşaması amili turistlərin bura cəlb olunmasında əsas göstəricilərdən biridir. Eyni zamanda, bura xüsusilə də paytaxt Bakı şəhərində yerləşən otelləri və ölkədə turizm infrastrukturu və loqistika baxımından mövcud olan gözəl potensialı əlavə etmək
olar. Koronavirus pandemiyasının nəticələri aradan qaldırılandan və dünya ondan xilas olduqdan sonra Azərbaycanın, burada turizmin inkişafı üçün vacıb amil olan təbiətinin rəngarəngliyini, coğrafi mövqe və əlverişli şəraitin mövcudluğunu nəzərə alaraq turizm sektoruna diqqətini artıracağını düşünürəm.
Qardaş Azərbaycan xalqına gəlincə isə mən bu xalqı yalnız bura gələndən sonra onun nə qədər əxlaqlı, sədaqətli və mehriban bir xalq olduğunun şahidi oldum. Qətərlilər və digər xalqlar da Azərbaycan xalqının bu gözəl xüsusiyyətlərini yaxşı bilirlər. Şərqdə ilk demokratik respublika qurması da məhz bu xalqın vətən sevgisi və vətənə olan sədaqəti mədəniyyətindən irəli gəlir.
Cənab səfir, Azərbaycanla Qətər arasında çox mehriban dostluq əlaqələri formalaşıb, ölkələrimiz bir çox sahələrdə yaxından əməkdaşlıq edir. Bu əlaqələrin gələcək perspektivləri barədə nə deyə bilərsiniz?
Qətər Dövləti və Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 1994-cü il tarixində yaradılmışdır. Bu əlaqələr, hər iki dövlətin BMT və beynəlxalq birliyin fəal üzvü kimi beynəlxalq sülh və əmin-amanlığın gücləndirilməsi və müştərək mənafelərin hakim olduğu prinsip və hədəflər üzərində qurulmuş dostluq münasibətlərinə söykənir.
Qətər Dövlətinin özünə qardaş hesab etdiyi Azərbaycanla olan əlaqələri dərin və özəldir. Hər iki dövlət rəhbərinin bu əlaqələrin bütün sahələrdə, xüsusilə iqtisadi, ticarət və investisiya üzrə inkişaf etdirib gücləndirilməsi üçün çox böyük istəkləri vardır. Elə bu səbəbdən də Qətər Dövləti hökuməti və Azərbaycan Respublikası hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya yaradıldı ki, mövcud imkanları araşdırmaq və qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsinə nail olmaq üçün müntəzəm şəkildə görüşlər keçirilsin. İnanırıq kı, bu istək müştərək mənafelərin həyata keçirilməsi və ölkələr arasında ticarət və investisiya dövriyyəsinin artırılması ilə başa çatacaq. Xüsusən də iqtisadiyyatının əsas etibarilə neft və qaz sənayesi üzərində qurulmuş və bu sahədəki qiymətlərin isə daima beynəlxalq vəziyyətlə tənzimlənməsinə görə nəzarətə götürmək
mümkün olmadığından hər iki ölkə iqtisadiyyatın şaxələnməsi siyasətini həyata keçirməyə çalışır.
Cənab səfir, bu gün istisnasız olaraq dünyanın bütün dövlətləri və hökumətlərini koronavirus problemi narahat edir, təəssüf ki, bu narahatçılıq daha da artır. İstər Azərbaycan, istərsə də Qətərin qonşuluğunda bu xəstəlik kifayət qədər yayılıb. Qətərin daxilində vəziyyət necədir? Hökumət bu sahədə hansı tədbirləri görür?
Şübhə yoxdur ki, koronavirus pandemiyası bütün dünya dövlətlərinə və həyatın bütün fəaliyyət sahələrinə çox böyük təsir göstərmişdir. Eyni zamanda onun dünya iqtisadiyyatına və iqtisadi inkişafın geriləməsi və tələbin azalması səbəbindən neft qiymətlərinin aşağı düşməsi şəraitində hökumətlərin resurslarının tükənməsinə də böyük mənfi təsirləri olmuşdur. Bununla da, ən böyük fəsadları isə aviasiya və turizm sahələri başda olmaqla bir çox sektorları əhatə etmışdir.
Qətərin vəziyyəti də bu pandemiyadan zərər çəkmiş bütün dünya dövlətləri kimidir. O da belə bir vaxtda xüsusi tibbi profilaktika baxımından zəruri qabaqlayıcı tədbirləri artırmış və koronavirus (COVİD-19) infeksiyasından qorunmaq məqsədilə dövlət tərəfindən strateji plan hazırlamışdır ki, bunun da həyata keçirilməsi virusa yoluxma faktı qeydə alınandan sonra mərhələli şəkildə aparılır, əvvəlcə xəstələrlə təmasda olmuş şəxslərin karantin rejiminə alınması, məhdudlaşdırıcı və sosial izolyasiya tədbirləri, sonra müayinələr və daha sonra isə xəstələrə lazımi müalicə xidmətləri göstərilir. Bu da insanların saglamlığının və həyatının qorunması və digər dünya dövlətləri ilə müqayisədə ölüm göstəricilərinin daha az olmasına kömək etmışdir. Pandemiyanın yarada biləcəyi mənfi fəsadların qarşısının alınması istiqamətində beynəlxalq məsuliyyətimizdən və ümumi səylərə dəstək vermək istəyimizdən çıxış edərək, Qətər Dövləti 25-dən çox dost dövlətə təxirəsalınmaz tibbi yardımlar göndərmişdir. Azərbaycan hökumətinin bu istiqamətdə bir çox dövlət və beynəlxalq təşkilatlara dəstəklə bağlı göstərdiyi səyləri də diqqət çəkir. Belə ki, o Ümumdünya Səhiyyə Təşkilatına
könüllü maliyyə yardımı və dünya üzrə 13-dən çox ölkəyə isə humanitar yardımlar göstərmişdir.
Cənab səfir, pandemiya ən çox turizm sahəsinə mənfi təsir göstərib. Bu sahənin gələcəkdə yenidən canlanmasına ümid varmı? Burada turizm şirkətlərinin rolunu nədə görürsünüz?
Pandemiyadan təsirlənmiş dünya iqtisadiyyatının, başlıca olaraq da aviasiya sektorunun bu bəladan xilas olmasından sonra, artıq profilaktik qabaqlayıcı tədbirlərə yiyələnmiş və bununla bağlı öz öhdəliklərini bilən insanların bu sahəyə olan inamı qayıdacaqdır. Sualın ikinci hissəsinə gəlincə, ola bilər ki, turizm şirkətləri turizm mövsümləri üçün təbii şəraitdə fəal rol oynasın. Onların fəaliyyəti təkcə əyləncə tərəfindən məhdudlaşmamalıdır, onlar həm də öz ölkələrinin səfirləri rolunda çıxış edərək, ölkəni, onun tarixi və mədəniyyətini özündə ehtiva edən əhatəli proqramlar vasitəsilə öz tanıtım proyektlərini yaratmalıdırlar.
Son olaraq, cənab səfir, bu yaxınlarda ölkəmizdə 28 may - Respublika Günü qeyd olunub. Bu münasibətlə oxucularımıza və xalqımıza nə demək istərdiniz?
Bu əziz milli gün münasibətilə Qətər Dövləti hökuməti adından Səfirlik qardaş Azərbaycan hökumətinə və xalqına ən xoş təbriklərini çatdırmış və davamlı sabitlik, böyük tərəqqi və çiçəklənmə arzulamışdır.
Müsahibəni götürdü: Həşim Məmmədov
https://ednews.net/az/news/interview/431620